Danışılmış oyunlar və irqçiliklə bağlı tədbir keçirilib
“Sumqayıt” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə Danışılmış oyunlar və irqçiliyə qarşı mübarizə üzrə təlim proqramları təşkil edilib. Ardıcıl iki gün baş tutan tədbirlərdə əvvəlcə U-19 və U-17, ardınca isə U-16 və U-15 komandalarımız seminara qatılıb. “Kapital Bank Arena”nın akt zalında təşkil edilmiş tədbirlərdə “Sumqayıt” Futbol Akademiyasının direktoru Hakan Sünal, akademiyanın meneceri Fəxrəddin Həsənov, klubun mətbuat katibi həmçinin Danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs Rəşad Məmmədov, Sosial məsuliyyət üzrə məsul şəxs Fərhad Bayramov iştirak edib. Görüş zamanı adıçəkilən mövzularda xüsusi təqdimatlar edilib, maarifləndirici çıxışlar aparılıb, aidiyyatı üzrə mövzular geniş müzakirə olunmaqla yanaşı fikir mübadiləsi də aparılıb.
“Sumqayıt” Futbol Klubu futbol adına ləkə salan, ümumiyyətlə idman prinsiplərinə zidd olan halları pisləyir, danışılmış oyunlara və irqçiliyə qarşı sonadək mübarizə aparacağını bəyan edir.