×

Daun sindromlu uşaqlar üçün futbol tədbiri təşkil olunub

29 Aprel 2025

SOCAR-ın “Sosial qayğı proqramı” çərçivəsində şirkətin təşəbbüsü  və “Sumqayıt” Futbol Klubunun təşkilati dəstəyi ilə daun sindromlu uşaqlar üçün futbol tədbiri təşkil olunub.


Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində keçirilən “Sumqayıt” – “Neftçi” futbol klublarının qarşılaşmasından öncə təşkil olunan tədbir çərçivəsində hər iki komandanın oyunçularının iştirakı ilə daun sindromlu uşaqlar arasında əyləncəli futbol oyunu keçirilib. 
 

Hər iki komandanın futbolçuları oyundan öncəki isinmə hərəkətlərinə meydana üzərində “Fərqli deyil, xüsusiyik!” yazısı həkk olunmuş forma ilə çıxıblar. Həmçinin yoldaşlıq oyununda və qarşılaşmanın startı ərəfəsində futbolçuları müşayiət edən uşaqlar da meydana üzərində sözügedən şüarı əks etdirən formalar ilə daxil olublar. Sonra hər iki klubun sponsorları, həmçinin tərəfdaşlar və təşkilatçılar tərəfindən iştirakçı uşaqlara hədiyyələr təqdim edilib. 
 

“Sumqayıt” və “Neftçi” klublarının futbolçuları oyuna tədbir iştirakçısı olan uşaqların müşayiəti ilə çıxıblar. Uşaqlar valideynləri ilə birgə "Sumqayıt" və "Neftçi" futbol klublarının qarşılaşmasını izləyiblər.
 

Layihə daun sindromlu uşaqlar üçün motivasiya mühiti formalaşdırmaq, eyni zamanda onların psixoloji rifahının yüksəldilməsinə, özünəinam hissinin artırılmasına, cəmiyyətdə inklüzivlik dəyərlərinin təşviqinə dəstək göstərmək məqsədi daşıyır. 
 

Qeyd edək ki, daun sindromlu insanlar, o cümlədən uşaqlar ölkəmizdə tam  dövlət qayğısı ilə əhatə olunub, onların hüquqlarının müdafiəsi, reabilitasiyası, bacarıqlarının və vərdişlərinin inkişaf etdirilməsi ilə bağlı məsələlər daim diqqətdə saxlanılır.