“Sumqayıt” FK-nın U-16 komandası gümüş medal qazanıb
AFFA-nın təşkilatçılığı ilə keçirilən U-16 Liqasında bu gün 2022/23 mövsümünə yekun vurulub. “Sumqayıt” FK-nın U-16 komandası son oyunda “Neftçi”ni 2:0 məğlub edərək liqanın gümüş mükafatçısı olub. Qeyd edək ki, Kənan Hacıyevin yetirmələri çempionatda 29 qələbə, 4 heç-heçə və 6 məğlubiyyət əldə etməklə 91 xal toplayıb. Futbolçumuz Nihad Orucəli isə 35 qolla liqanın bombardiri olub.
Matçın ardından U-16 liqasının mükafatlandırma mərasimi baş tutub. Mükafatçılara diplom və medalları AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, Kütləvi Futbol Departameninin müdiri Fərrux İsmayılov və və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər.
Qeyd edək ki, bu nəticə “Sumqayıt” Futbol Akademiyasının bu mövsümdəki ikinci tituludur. Buna qədər isə U-17 komandamız liqasının bürünc mükafatçısı olmuşdur.