"Sumqayıt" FK son yoxlama oyununda "Ərzurumspor"la üz-üzə gəlib
2023/24 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" FK bu gün qardaş ölkədə sonuncu yoxlama oyununu keçirib. Komandamız 1-ci Liqa təmsilçisi "Ərzurumspor" ilə qarşılaşıb.
"Yüksek İrtifa" məşq mərkəzinin stadionunda keçirilən qarşılaşma rəqib komandanın 4:3 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, "Sumqayıt" FK-nın hər üç qolunun müəllifi yeni transferimiz Erik Sorqa olub.
Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): Oyun bizim üçün ağır şəraitdə keçdi. Komandada bir neçə oyunçuda müəyyən sağlıq problemi var idi. Amma proqramda qeyd olunduğu üçün "Ərzurumspor"la görüşü bir gün sonraya təxirə saldıq. İstər-istəməz müəyyən yorğunluq hiss olunurdu. Bununla belə, oyunçular mümkün qədər hərəkətli olmağa, oyunda qalmağa çalışdılar. Əsas məqsədimiz mümkün qədər tez bərpa olunmaq, sağlıq problemləri olan oyunçularımızın tezliklə sıraya dönməsinə nail olmaqdır. Yeni transferlərimizin meydanda göstərdikləri əzmkarlığı bəyənirəm. Oktavio kollektivə bir az gec qoşulub. Komanda ilə bir neçə məşqə çıxmışdı deyə ona cəmi 30 dəqiqə şans verdik. Hələ fiziki olaraq pik formada deyil. Zamanla o da, digərləri də daha yaxşı vəziyyətdə olacaqlar".